CƏMİYYƏT
Respublika Uşaq Xəstəxanasında analarla görüşdə qarşısı alına bilən xəstəliklər barədə danışılıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublika Uşaq Xəstəxanasında müalicə olunan uşaqların anaları ilə görüş keçirib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin keçən ilin oktyabrında verdiyi “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmrinə əsasən ana və uşaq sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin profilaktikası ilə əlaqədar geniş təbliğat tədbirləri təşkil edilməsi, əhali arasında bilik və bacarıqların artırılmasına dəstək göstərilməsi məqsədilə keçirilib.
Görüşdə cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının əlaqələndiricisi Mətanət Qaraxanova analara uşaq hüquqları, inkişafı, inkişafa təsir edən amillər, tez-tez rast gəlinən, lakin qarşısı alına bilinən xəstəliklər barədə geniş məlumat verib. Xəstəxanada təcrübə keçən həkim-pediatrlar ilə də görüş keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan sağlamlığa dair vərəqələr iştirakçılara paylanılıb.