CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.
Respublika Veteranlar Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış edib.
İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.
Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunub. Təşkilatın ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.
Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul olunub.