REGİONLAR
Respublika ərazisində kəhrizlərin monitorinqi aparılıb
Gəncə, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanda kəhrizlərin monitorinqinin aparılması məqsədilə ekspedisiya təşkil olunub. Tədqiqat işinə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev rəhbərlik edib.
AMEA-nın Gəncə bölməsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə AMEA ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” niyyət sazişi imzalanıb. Sazişə əsasən ölkə ərazisində yayılmış kəhrizlərdən içməli su və təsərrüfat məqsədi ilə istifadə vəziyyətinin öyrənilməsi, sıradan çıxmış kəhrizlərin gələcəkdə bərpası, həmçinin bu su mənbələrindən səmərəli istifadə etmək üçün 2016-cı ilin iyul-avqust aylarında Gəncə şəhəri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux, Goranboy, Bərdə, Ağdam və digər rayonların ərazisində vaxtilə fəaliyyətdə olan, sonradan unudulmuş kəhrizlərin çöl tədqiqatı əsasında monitorinqi həyata keçirilib.
Monitorinq hər iki qurumun mütəxəssisləri tərəfindən aparılıb. Hazırda ekspedisiya zamanı əldə edilmiş tədqiqat materiallarının təhlili aparılır. Yaxın günlərdə isə tədqiqatların yekun nəticələri barədə ətraflı məlumat veriləcək.