ELM VƏ TƏHSİL
Respublika şahmat festivalının qalibləri mükafatlandırılıblar
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festival “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunub.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən festivalın bağlanış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin təhsilə, idmana daim xüsusi önəm verdiyini vurğulayıb, şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından danışıb.
Sonra final mərhələsində II, III və IV siniflər üzrə yarışlarda birinci, ikinci və üçüncü yerləri tutan oğlan və qız şahmatçılar mükafatlandırılıb. Qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yerləri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb.
Festivalın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü təntənəli şəkildə qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, istedadlı şahmatçıları aşkar etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.