CƏMİYYƏT
Rezidentlər üçün mühazirə keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının terapevtik və pediatrik propedevtika kafedrasında rezidentlər üçün növbəti mühazirə təşkil olunub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə kafedra müdiri professor İbrahim İsayevin “Uşaqlarda ürəyin kiçik anomaliyaları: variantları və kliniki xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Mühazirədən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Mühazirədə rezidentlərlə yanaşı, kafedra əməkdaşları da iştirak ediblər. Tədbirin sonunda rezidentləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin bu sahədə mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilib.
Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün belə mühazirələr mütəmadi olaraq keçiriləcək.