CƏMİYYƏT
Rezidentura təhsilinin inkişafı ilə əlaqədar müzakirə aparılıb
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) rezidentlərin tədrisi ilə əlaqədar toplantı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verdiyi məlumata görə, tədbirdə rezidentlərin fəaliyyəti, nizam-intizamı, onları narahat edən bütün məsələlər haqqında danışılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada 230-a yaxın rezidentin təhsil aldığını və rezidenturada yüksək səviyyəli mütəxəssis hazırlandığını qeyd edib.
Klinikanın rezidentlər üzrə məsul şəxsi Azər Hümmətov rezidentlər üçün təşkil olunan seminarlardan danışıb və artıq onun ənənə halı aldığını bildirib. Onun sözlərinə görə, kursların əsas məqsədi rezidentlərə ilkin cərrahi və laparoskopik bacarıqların aşılanması, həmçinin laparoskopik alətlərlə tanışlıqdan ibarətdir.
ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri Rizvan Məmmədovun verdiyi məlumata görə, rezidenturada təhsilinin daha da yaxşılaşdırılması, onların fəaliyyətinin gücləndirilməsi üçün müzakirə əsnasında hazırlanacaq təkliflər Səhiyyə Nazirliyinə təqdim olunacaq.
Tədbirdə I mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva, LOR kafedrasının assistentləri Ayaz Qasımov və Şirazi İbrahimov, ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev, II cərrahi xəstəliklər kafedrasının müdiri Xaləddin Musayev çıxış edərək rezidentura təhsilinin inkişaf etdirilməsi üçün zəruri olan tədbirlər haqqında fikirlərini bildiriblər.