REGİONLAR
Riqa şəhər rəhbərliyi Gəncə ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
Gəncə, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Latviya Respublikasının paytaxtı Riqa Şəhər Dumasının vitse-meri, Riqa portunun rəhbəri Andris Ameriks başda olmaqla, nümayəndə heyəti Gəncəyə gəlib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara şəhərdə aparılan abadlıq və quruculuq işlərindən danışıb. Şəhərin potensial imkanları barədə məlumat verən Elmar Vəliyev diqqətə çatdırıb ki, hazırda iqtisadiyyatın bir çox sahələri kimi maşınqayırma sənayesi də inkişaf etməkdədir və hər il Gəncə avtomobil zavodunda yüzlərlə müxtəlif markalı maşın, traktor və kənd təsərrüfatı texnikaları istehsal edilir.
Andris Ameriks 2012-ci ildə Bakının Suraxanı Rayon İcra Hakimiyyəti ilə Latviyanın Riqa şəhəri arasında qurulmuş əməkdaşlıq əlaqələrindən danışaraq qeyd edib ki, Riqa şəhər rəhbərliyi Azərbaycanda ikinci böyük şəhər olan Gəncə ilə də belə əlaqələr qurulmasına maraq göstərir.
Görüşdə turizm imkanlarının genişləndirilməsi istiqamətində aparılan fikir mübadiləsindən sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Riqa Şəhər Dumasının vitse-meri Andris Ameriksin rəhbərlik etdiyi nümayəndə heyəti ikigünlük səfər çərçivəsində Gəncənin maddi-mədəniyyət abidələri, eləcə də görməli yerləri ilə yaxından tanış olacaq.