DÜNYA
Riqada karantin rejimi məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib
Riqa, 26 oktyabr, AZƏRTAC
Riqada pandemiya səbəbindən Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirilib.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, aksiyaya səbəb COVID-19 infeksiyasının ölkədə sürətlə yayılmasının qarşısını almaq və xəstəxanaya yerləşdirilən xəstələrin sayını azaltmaq məqsədilə Latviya hökumətinin oktyabrın 21-dən noyabrın 15-dək ölkə daxilində ciddi məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul etməsi olub.
Bildirilib ki, aksiyaya qoşulan 50-yə yaxın insan karantin rejimi zamanı tətbiq edilən məhdudiyyətlərə qarşı öz etirazlarını bildiriblər.
Xəbər verildiyi kimi, noyabrın 15-dək zəruri məhsulların satıldığı dükanlar istisna olmaqla, bütün mağazalar bağlanacaq, sakinlər yalnız ən zəruri xidmətlərdən yararlana biləcəklər. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu müddət ərzində müxtəlif ailələrdən olan insanlar arasında şəxsi təmasların minimuma endirilməsi və səhiyyə sisteminin yükünün azaldılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Qeyd edilib ki, şəxsi tədbirlərdə qeyri-qanuni toplaşmaların azaldılması məqsədilə ölkədə komendant saatı tətbiq edilib. Bu da işə getmək və ya işdən evə qayıtmaq halları istisna olmaqla, saat 20:00-dan 05:00-dək yaşayış yerini tərk etməyi qadağan edir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa