İDMAN
Rumıniya KİV-ləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisindən yazır
Buxarest, 29 aprel, AZƏRTAC
Rumıniyanın geniş oxucu kütləsinə malik “Amosnews” xəbər agentliyi və “News24hours” informasiya portalı Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi barədə AZƏRTAC-a istinadla məqalələr yayımlayıblar.
Məqalələrdə bildirilir ki, aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qran-Prinin əsas yarışına baxıblar.
Qeyd olunub ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Diqqətə çatdırılıb ki, gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest