SİYASƏT
Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
Buxarest, 13 aprel, AZƏRTAC
Rumıniyanın “AGERPRES” xəbər agentliyi Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar məlumat yayıb.
Məlumatda bildirilir ki, keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını və körpənin ailəsini təbrik edib, hədiyyələr təqdim ediblər. Bununla əlaqədar Bakıda atəşfəşanlıq və konsert təşkil olunub.
Yazıda vurğulanır ki, Azərbaycan hökumətinin əsas məqsədləri yoxsulluğun azaldılmasında və həyat səviyyəsinin yüksəldilməsində uğurlar qazanmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahını artırmaqdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest