İDMAN
“Rusiya 2018”: Cənubi Koreyaya qalib gələn Meksika millisi pley-off mərhələsinə adlamaq şansını artırıb
Bakı, 23 iyun, AZƏRTAC
Cənubi Koreyaya qalib gələn Meksika millisi pley-off mərhələsinə adlamaq üçün yaxşı şans qazanıb.
AZƏRTAC xəbər verir ki, “F” qrupunda yer alan Meksika komandası ikinci turda Cənubi Koreya millisinə 2:1 hesabı ilə qalib gələrək qazandığı xalların sayını 6-ya çatdırıb.
“Rostov Arena” stadionunda keçirilən oyunda hesab 26-cı dəqiqədə açılıb. Cənubi koreyalıların qapısına təyin edilən 11 metilik cərimə zərbəsini Karlos Vela qola çevirib.
Fasilədən sonra hücumları daha da gücləndirən meksikalılar oyunun 66-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıblar: Losanonun başladığı hücumu qapıçı ilə təkbətək qalan Xavyer Hernandes tamamlayıb.
Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə cənubi koreyalılar qollardan birinin əvəzini çıxa biliblər. Son Xin Minin vurduğu top oyunda sonuncu qol olub.
Xatırladaq ki, Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini 1:0 hesabı ilə məğlub etmiş, Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzmuşdu.
“F” qrupu çərçivəsində ikinci turun digər oyunu saat 22:00-da Soçidəki “Fişt Arena”da start götürəcək. Almaniya və İsveç milliləri arasında keçiriləcək bu oyun İctimai Televiziya və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.
Qeyd edək ki, bundan əvvəl dünya çempionatlarında 9 dəfə iştirak edən Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləmişdilər. Yarımfinalda Almaniya yığmasına məğlub olan Cənubi Koreya üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzmuşdu.
1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə çıxış edib və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.