İQTİSADİYYAT
Rusiya və Azərbaycan Xəzər regionundakı layihələri Moskvada müzakirə ediblər
Moskva, 8 iyun, AZƏRTAC
Moskvada “Rusiya və Azərbaycan layihələri Xəzər regionunun inkişaf drayverləridir. Xəzər İqtisadi Forumu qarşısında” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, bu tədbir “Şimal-Cənub” politoloji mərkəzi və “Baku Network” ekspert platforması tərəfindən təşkil edilib.
“Baku Network” Ekspert platformasının direktoru Gülnarə Məmmədzadə görüşü açaraq regionda sülhün qorunub saxlanması üçün Rusiya və Azərbaycan liderləri arasında sabit siyasi dialoqun əhəmiyyətini vurğulayıb. G.Məmmədzadə deyib: “İki ölkənin prezidentləri o cümlədən “Şimal-Cənub” və “Şərq-Qərb” istiqamətlərində mühüm transmilli layihələrin reallaşdırılması vasitəsilə ikitərəfli əməkdaşlığın strategiyasını yaradıblar”.
O qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatında öz əksini tapmış nəqliyyat kommunikasiyalarının açılması, erməni işğalından azad edilmiş ərazilərdə beynəlxalq iqtisadi kooperasiya zonalarının yaradılması Xəzəryanı ölkələrin iqtisadiyyatına bilavasitə təsir göstərəcək.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəyov Xəzərdə təhlükəsizlik, müxtəlif terror təhlükələrinin birgə səylərlə dəf edilməsi məsələlərini diqqət önünə çəkib. Deputat qeyd edib ki, Xəzər dənizi həm Rusiya, həm də Azərbaycan üçün mühüm kommunikasiyalar dəhlizidir. Onun fikrincə, pandemiyaya və onun fəsadlarına baxmayaraq Rusiya və Azərbaycan iqtisadi əlaqələrin əvvəlki həcmini qoruyub saxlaya biliblər və bu göstəricinin daha da artması üçün çox yaxşı potensial var. R.Musabəyov deyib: “Biz üçüncü ölkələrin bazarlarında iş məsələsində Rusiya ilə çox aktiv qarşılıqlı fəaliyyətdəyik. Çoxları belə hesab edir ki, Azərbaycan həmin bazarlarda Rusiya ilə rəqabət aparır, lakin biz - neft və qaz ölkələri kooperasiyaya daha çox maraq göstəririk, biz xarici bazarlarda qiymətlərin aşağı düşməməsi, vicdanlı rəqabət üçün çalışırıq”.
Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin böyük elmi işçisi Stanislav Pritçin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri strateji yönümlü praqmatik qarşılıqlı əlaqələrin nümunəsidir. Politoloq deyib: “Biz görürük ki, tərəflər mürəkkəb məqamları nizamlamağa, bütün məsələləri fəal, açıq dialoq, daimi məsləhətləşmələr yolu ilə operativ surətdə və uzunmüddətli münasibətlərə zərər vurmadan həll etməyə nail olurlar”.
Rusiya hökuməti sədrinin müavini, Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Kazbek Xadikov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov beynəlxalq dəyirmi masa iştirakçılarını salamlayıblar.
Politoloq İlqar Vəlizadə özünün “Xəzərin geosiyasəti” kitabı barədə məlumat verib. Tədbirdə “Lotos” xüsusi iqtisadi zona səhmdar cəmiyyətinin baş direktoru, Siyasi Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin, “Day.az” informasiya portalının redaktoru Emin Əliyev və başqaları Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, Xəzər regionunun təhlükəsizliyinin aktual problemləri, Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafının ekoloji aspektləri mövzusunda məruzələrlə çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva