DÜNYA
Rusiyada “Mercedes-Benz” üçün 10 illik vergi güzəşti tətbiq ediləcək
Bakı, 22 may, AZƏRTAC
Moskva vilayətinin Solneçnoqorsk rayonunda “Mercedes-Benz” - Rusiya zavodu 2019-cu ildən başlayacaq avtomobil istehsalı üçün dövlətdən on il müddətində vergi güzəştləri alacaq.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, xüsusi investisiya sazişinin şərtlərinə uyğun olaraq, sazişin iştirakçısı ilk mənfəəti götürdüyü zamandan on il müddətinə dövlətdən vergi güzəşti alacaq.
Belə ki, 2025-ci ildən Moskva vilayətinin büdcəsinə aid verginin dərəcəsi 0 faiz, 2026-cı ildən 2028-ci ilə qədər 10 faiz, 2029-cu ildən sonra isə 13,5 faiz təşkil edəcək.
“Daimler AG” konserni ilə Moskva vilayətində “Mercedes-Benz” zavodunun inşa edilməsi ilə bağlı saziş 2016-cı ilin iyununda Sankt-Peterburq iqtisadi forumu çərçivəsində imzalanıb.
Layihənin dəyəri ilkin hesablamalara görə, 300 milyon avro təşkil edir. Avtomobillər “Yesipovo” sənaye parkının ərazisində istehsal ediləcək. Zavodun illik istehsal gücü isə 20 min avtomobildən artıq olacaq. Layihənin həyata keçirilməsi ilə 1000-dən artıq yeni iş yeri açılacaq.