İDMAN
Rusiyalı baş məşqçi: İnanıram ki, qarşıdakı günlərdə idmançılarımız medalların sayını artıracaq VİDEO
Qəbələ, 10 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Belə bir gözəl yerdə, paytaxtdan uzaq bir bölgədə idman tədbirinin yüksək səviyyədə keçirilməsi, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradılması məni heyran edib. Mən bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışlarında iştirak edən Rusiya yığma komandasının baş məşqçisi Maksim Kosarev bildirib. O deyib: “Dünyanın ən reytinqli idmançıları Qəbələdə bir araya gəlib. Bu baxımdan yarışı yüksək qiymətləndirirəm və Rusiya yığma komandasının burada olmasından çox məmnunam. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, Azərbaycanla bağlı olan hər şey məndə maraq doğurur. Ölkənizdə çoxlu dostlarım var. Düşünürəm ki, dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkənizin paytaxtı Bakıda deyil, regionlarda da müasir infrastrukturun yaradılması və atıcılıq növləri üzrə Qran-pri və Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsi böyük önəm daşıyır”.
Baş məşqçi Maksim Kosarev Rusiya idmançılarının gələcəkdə də Qəbələdə keçiriləcək belə mötəbər yarışlarda iştirak edəcəyinə ümid etdiyini bildirib: “Bu yarışda artıq bizim 4 idmançımız medal qazanıb. Rusiya komandası Qəbələdə keçirilən Beynəlxalq Qran-pri yarışlarında 20 idmançı ilə təmsil olunur. İnanıram ki, qarşıdakı günlərdə bizim idmançılar medalların sayını artıracaq. Qeyd edim ki, burada yarış çox yüksək səviyyədə təşkil olunub, idmançıların yerləşməsi, məşq etməsi, qidalanması və istirahəti üçün lazımi şərait yaradılıb”.