DÜNYA
Rusiyanın Baş prokurorluğu feyk xəbərlərə görə məsuliyyəti nəzərdə tutan qanun layihələrini dəstəkləməyib
Moskva, 14 yanvar, AZƏRTAC
Rusiyanın Baş prokurorluğu Dövlət Dumasının təklif etdiyi feyk xəbərlərə, internetdə hörmətsiz ifadələrə və təhqirə görə məsuliyyətin nəzərdə tutulduğu qanun layihələrini dəstəkləməyib.
AZƏRTAC xəbər verir ki, bunu parlamentin iclasında Rusiya Baş prokurorluğunun hüquq idarəsi rəisinin müavini Yekaterina Artamonova bəyan edib. Onun sözlərinə görə, sözügedən qanun layihələri vətəndaşların sərbəst şəkildə informasiya yaymaq haqqında konstitusion hüquqlarını əsassız olaraq məhdudlaşdıra bilər. Baş prokurorluğun rəsmisi qeyd edib ki, vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına riayət olunması və internet şəbəkələrində bu cür informasiyaların qarşısının alınması arasında məntiqli tarazlığın təmin edilməsi baxımından bu qanun layihələrinin hazırlanmasına və təqdim edilməsinə daha ölçülüb-biçilmiş tərzdə yanaşmaq lazımdır.
Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin KİV sahəsində dövlət siyasəti departamentinin direktoru Yekaterina Larina vurğulayıb ki, hökumət qanun layihəsinin ikinci oxunuşda işlənməsi, yaxud onun tamamilə yenidən hazırlanması məsələsini həll edəcək.
Xatırladaq ki, ötən ilin dekabrında Dövlət Dumasında insanların həyatı və sağlamlığına, həmçinin ictimai asayişə təhlükə törədən feyk xəbərlərin yayılmasına görə cərimələrin tətbiqi, onları yerləşdirən internet resurslarının isə prokurorluğun təşəbbüsü ilə məhkəməsiz bloklanması barədə təklif irəli sürülüb. Qanun layihəsinin müəllifləri dövlətə nalayiq şəkildə hörmətsizlik göstərilməsini isə kiçik xuliqanlıq kimi qiymətləndirməyi və internet resursunu bloklamaqla cərimə və ya 15 sutka həbslə cəzalandırmağı təklif ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva