ELM VƏ TƏHSİL
Rusiyanın “Filiz və metallar” nəşriyyat evi ADNSU ilə əməkdaşlığa maraqlıdır
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Filiz və metallar” nəşriyyat evinin şef redaktoru, iqtisad elmləri doktoru, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü Aleksandr Vorobyov ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışıb, təhsil müəssisəsinin beynəlxalq əlaqələri, Məzun Karyera Mərkəzi, “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və digər yeniliklər barədə məlumat verib.
ADNSU-da elmin inkişafına xüsusi önəm verildiyini bildirən rektor son iki ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını diqqətə çatdırıb. M.Babanlı, eyni zamanda, “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında da artımın olduğunu söyləyib.
Rusiyanın “Filiz və metallar” nəşriyyat evi haqqında məlumat verən A.Vorobyov ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
İki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanması ilə bağlı razılıq əldə olunub.