DÜNYA
Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun ildönümünə həsr olunmuş poçt markası buraxılacaq
Qahirə, 1 iyul, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddə şəhərindəki mənzil-qərargahında Rusiyanın bu təşkilatda müşahidəçi statusunun 15-ci ildönümünə həsr olunmuş poçt markasının buraxılması barədə anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və Rusiya Federasiyasının təşkilatda daimi nümayəndəsi Ramazan Abdulatipov imzalayıblar.
İmzalanma mərasimində qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin 2003—cü ildə Malayziyada keçirilən İslam Dövlətlərinin Sammitində ölkəsinin İƏT-ə qoşulmaq arzusunu ifadə edib və 2005-ci ildə bu dövlətə müşahidəçi statusu verilib. Vurğulanıb ki, böyük müsəlman icmasının yaşadığı Rusiyada insanların din və vicdan azadlığı təmin edilib. Eyni zamanda, müsəlmanlar bu ölkənin tamhüquqlu vətəndaşları kimi ictimai-siyasi, mədəni həyatda fəal iştirak edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə