REGİONLAR
Rusiyanın “MİR-24” telekanalı Lənkəran Regional Elmi Mərkəzdən veriliş hazırlayıb
Lənkəran, 6 avqust, Bağır Əliyev, AZƏRTAC
Rusiyanın “MİR-24” telekanalı AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsindən geniş veriliş hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, telekanalın əməkdaşı Kamran Hüseynovun hazırladığı verilişdə Azərbaycanda ekzotik meyvə olan quayavanın yetişdirilməsi, bitki üzərində aparılan elmi-tədqiqat işləri haqda danışılıb.
Bildirilib ki, “tropiklərin alması” adlandırılan bu meyvə indiyə qədər ölkənin yalnız bu bölgəsində - Lənkəran-Astara bölgəsində yetişdirilir.
Həyatını çay və sitrus bitkilərinin öyrənilməsinə həsr edən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev bitki üzərində aparılan araşdırma barədə ətraflı məlumat verib. O, bu bitkini 2003-cü ildə İrandan gətirildiyini bildirib.
Professorun apardığı elmi-tədqiqat işləri Lənkəran-Astara bölgəsindəki aqroiqlim şəraitinin bu tropik-subtropik meyvənin yetişdirilməsinin mümkünlüyünü üzə çıxarıb: “Quayavanın vətəni Meksika, Peru adlandırıla bilər. Oradan başqa ölkələrə - Hindistana və digər Asiya ölkələrinə yayılıb. Bu bitki isti havanı sevir. Lənkəranda da subtropik iqlim var. Yerli torpaq quayava növlərindən biri - adi quayava və ya Psidium üçün əlverişlidir”, - deyə Lənkəran Regional Elmi Mərkəzinin direktoru bildirib.
Diqqətə çatdırılıb ki, bitkinin yaxşı inkişafı üçün ideal temperatur 18-25 dərəcədir. Meyvələr əkildikdən iki-üç il sonra meyvə verir, sentyabr ayından yığılmağa başlanır.
F.Quliyev bu bitkinin xüsusiyyətləri barədə də məlumat verib: “Quayavanın bir hektarından 50 tona qədər məhsul götürmək olar. Bitki mənfi 5 dərəcəyə qədər şaxtaya dözür. Ancaq son 10 ildir ki, bölgəmizdə qış isti keçir. Rütubəti çox sevir, buna görə yağışlar da ona zərər vermir. Yeri gəlmişkən, iqlim vəziyyəti bitkinin boy atmağına da təsir göstərir. Vətənində bitkinin hündürlüyü 20 metrə çata bilər. Ancaq, bizim ölkədə ən yüksək halda 6 metrədək böyüyə bilər.”
Verilişdə çıxış edən Lənkəran Regional Elmi Mərkəzin əməkdaşı Elnarə Şahmarova bitkiyə qulluq barədə ətraflı danışaraq bildirib ki, yerli iqlim şəraiti quayavanın həm çöldə, həm də ev şəraitində yetişməsinə imkan verir. Torpaqdakı suyun səviyyəsi bitki üçün vacibdir. Lənkəran-Astara bölgəsində yaz və yay ayları quru keçdiyindən, bu zaman daha tez-tez suvarmaq lazımdır.
Mərkəzin digər əməkdaşı Aqil Həsənov isə deyib: “Mən fenoloji müşahidə aparıram. Yəni bitki üzərində qönçələr, yarpaqlar, meyvələr görünəndə qeydlər edirəm. Bu, meyvənin yığımının nə vaxt olacağını müəyyənləşdirir. Quayava ildə iki-üç dəfə məhsul verir".
Mərkəzdə meyvə üzərində aparılan elmi-tədqiqatlara əsasən müəyyən edilib ki, Lənkəran-Astara bölgəsi ilə yanaşı, Azərbaycanın digər bölgələrində - Şirvan və Abşeronda da quayava yetişdirilə bilər.
Lənkəran Regional Elmi Mərkəzinin alimləri bu tropik meyvənin digər növlərini yetişdirmək üçün ölkənin iqlim şəraitini də öyrənirlər.