İDMAN
ŞAHMAT ÜZRƏ GƏNCLƏR ARASINDA DÜNYA ÇEMPİONU ŞƏHRİYAR MƏMMƏDYAROV DUBAY TURNİRİNİN QALİBİ OLMUŞDUR
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, şahmat üzrə gənclər arasında dünya çempionu, sumqayıtlı Şəhriyar Məmmədyarov iyun ayında Liviyada dünya çempionu adı uğrunda kişilər arasında keçiriləcək turnirdə mübarizə aparacaqdır.
Şəhriyar çempionata hazırlıq məqsədi ilə Dubayda keçirilən, səviyyəsinə görə çox mötəbər turnirin qalibi olmuşdur. Turnirin 132 nəfər iştirakçısından 43-ü beynəlxalq qrossmeyster, əksəriyyəti isə beynəlxalq usta idi. Həmyerlimiz 9 görüşdə 5 qələbə qazanmış, 4 oyunu heç–heçə başa çatdırmış və nəticədə 7 xalla birinci yeri tutmuşdur. Şəhriyar ilk azərbaycanlı şahmatçıdır ki, yüksək səviyyəli açıq turnirin qalibi olur. O, eyni zamanda, öz beynəlxalq əmsalını, təxminən 10 bənd artıra bilmişdir.
Dubay turniri digər şahmatçımız –15 yaşlı Rauf Məmmədov üçün də uğurlu olmuşdur. O, turnirdə 6,5 xal toplayaraq, 2-ci-13-cü yerləri bölüşdürmüş, üçüncü və sonuncu beynəlxalq qrossmeyster normasını ödəmişdir.