İQTİSADİYYAT
SƏHMDAR CƏMİYYƏTLƏRİ YARADILIR
Cari ilin 9 ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti 34 müəssisənin sənədlərini ekspertizadan keçirmiş və onların səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında sərəncam vermişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, indiyədək dövlət müəssisələri bazasında 1490 səhmdar cəmiyyəti yaradılmışdır. Özəlləşdirmə başlanandan bəri bu cəmiyyətlərin səhmlərinin pullu hərraclarda satışı və müştərək müəssisələrdə dövlət payının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə 223,2 milyard manat daxil olmuşdur. Bu ilin 9 ayında isə həmin rəqəm 20,9 milyard manat təşkil etmişdir.
Departament səhmlərinin hamısı və ya onların bir hissəsinin dövlətə məxsus olduğu səhmdar cəmiyyətlərdə əmlakın qorunub saxlanılmasını, onlardan səmərəli istifadə olunmasını diqqət mərkəzində saxlayır. Bu ilin yanvar-sentyabr aylarında həmin məqsədlə 700-dən çox səhmdar cəmiyyətinə baxış keçirilmişdir.