REGİONLAR
ŞƏKİDƏ 71 MİN HEKTAR SAHƏDƏ TAXIL ƏKİLMİŞDİR
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin fermer təsərrüfatlarında ötən il 2008-ci ilin məhsulu üçün 71 min hektar sahədə payızlıq taxıl əkilmişdir. Bu, əvvəlki illə müqayisədə 23 min 135 hektar çoxdur. Əkin sahələrinin 54 min hektarına buğda, 17 min hektarına arpa, qalanına isə vələmir toxumu səpilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı rayonda taxılın bu növünün əkininə marağın artmasına müsbət təsir göstərmişdir. Məhz bunun nəticəsidir ki, buğda əkilmiş sahələr əvvəlki illə müqayisədə 2 dəfə artaraq 54 min hektara çatmışdır.
Yeni ilin ilk günlərindən havaların qarlı-şaxtalı keçməsi fermerlərin ürəyincədir. Bu, onu deməyə əsas verir ki, cari ildə taxılın məhsuldarlığı əvvəlki illərə nisbətən daha yüksək olacaqdır.