ELM VƏ TƏHSİL
SALYANIN KƏRİMBƏYLİ KƏNDİNDƏ YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ TİKİLMİŞ ORTA MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə açan Azərbaycan Maarifçi Gənclər Təşkilatının icraçı direktoru Ruhiyyə Yusifova layihənin dost ölkənin səfirliyinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində dörd aya yerinə yetirildiyini bildirmişdir. Binanın 16 sinif otağının hamısı yeni avadanlıqla təchiz olunmuş, həyətyanı sahəsi abadlaşdırılmışdır.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov demişdir ki, Yaponiya hökuməti son bir neçə il ərzində ölkəmizin təhsil sistemi sahəsində 35 mükəmməl layihə icra etmişdir. Bu işlərin hamısı respublikamıza əvəzsiz hədiyyə olaraq görülmüşdür.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Yusif Ələkbərov, məktəbin direktoru Zərqələm Fətiyeva qayğı və diqqətə görə Yaponiya hökumətinə minnətdarlıq hislərini ifadə etmişlər.
Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara bildirmişdir ki, Kərimbəyli məktəbi onun tərcümeyi-halına respublikamızda gördüyü sonuncu işlərdən biri kimi daxil olacaq və hafizəsindən heç zaman silinməyəcəkdir. Səfir ölkəmizdəki missiyasını tezliklə başa vuracağını, yurdumuza qırılmaz tellərlə bağlılığını nəzərə çarpdırmışdır.
Mərasim iştirakçıları bu təhsil ocağının sinif otaqları və fənn kabinetlərinə baş çəkmiş, burada təlim və tədris üçün yaradılmış şərait ilə tanış olmuşlar.