ŞƏMKİRDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏ KOMPLEKSİ AÇILMIŞDIR
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, ağsaqqalların və qonaqların iştirakı ilə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətlərindən və bu dahi şəxsiyyətə olan el məhəbbətindən söhbət açmışdır.
Möhtəşəm abidə üzərindən ağ örtük götürüldükdən sonra, mərasim iştirakçıları onun önünə əklil qoymuş və tər qərənfillər düzmüşlər. Tədbirdə çıxış edən natiqlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəmkirdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışmış, bu inkişafı ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikasında bərqərar olan ictimai-siyasi sabitliyin və dahi rəhbərin məqsədyönlü siyasətinin davamı kimi qiymətləndirmişlər. Abidə kompleksinin açılış mərasiminə qatılan Milli Məclisin deputatları Mübariz Qurbanlı, Məlahət Həsənova və Azər Əmiraslanov dahi öndərin hər bir azərbaycanlının qəlbində belə bir əzəmətli heykəlinin ucaldığını iftixar hissi ilə qeyd etmiş və müstəqil respublikamızın memarı və qurucusu olan bu dahi şəxsiyyətin misilsiz xidmətlərindən söhbət açmışlar. Mərasimdə 6 metr hündürlüyündə olan heykəlin və abidə kompleksinin müəllifi, tanınmış heykəltəraş Namiq Əliyevə də minnətdarlıq bildirilmişdir. Sonra uşaqlar ulu öndərə həsr edilmiş şeirlər söyləmiş, rayonun incəsənət ustalarının konserti olmuşdur.