SİYASƏT
SCAD PROQRAMI ÇƏRÇİVƏSİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Proqramın milli əlaqələndiricisi Məzahir Əfəndiyev tədbiri açaraq, 5 illik fəaliyyəti zamanı narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədə Azərbaycan hökümətinə göstərilən texniki, metodoloji yardım, gerçəkləşdirilmiş layihələr, habelə gələcək perspektivlər haqqında geniş məlumat vermişdir. O bildirmişdir ki, 8 istiqaməti özündə birləşdirən Proqram I, II, III, IV layihələr vasitəsilə mərhələlərlə həyata keçirilir və hazırda 2004-2006-cı illəri əhatə edən IV layihə icra olunur.
BMT-nin İnkişaf Proqramının rezident-əlaqələndiricisinin müavini David Eizenberq və Avropa Komissiyasının ölkəmizdəki “Avropa evi”nin rəhbəri Volfqanq Sporer çıxışlarında narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi probleminin qlobal xarakterindən və SCAD çərçivəsində görülən işlərin əhəmiyyətindən danışmışlar.
Sonra Proqram çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Birliyinin mütəxəssisi, Qiymətləndirmə missiyasının rəhbəri Viktor Miravçik “Narkotiklər üzrə milli monitorinq sistemi”, “Qeyri-hökumət təşkilatları şəbəkəsi”, “Ali və orta məktəblərdə tələbin azaldılması” layihələri üzrə aparılan qiymətləndirmənin yekunu ilə bağlı məruzə etmiş, bu məqsədlə müvafiq nazirliklərdə bir sıra görüşlər keçirdiyini bildirmişdir.
Konfransda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət qurumlarının nümayəndələri SCAD Proqramı ilə əməkdaşlıq çərçivəsində əldə olunmuş nailiyyətlər və görüləcək işlər barədə fikir mübadiləsi aparmışlar.
Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan SCAD Proqramının həyata keçirdiyi IV layihənin fəaliyyət istiqamətlərinə hüquqi yardım, hava, dəniz limanlarında və sərhəd ərazilərində narkotiklərə nəzarət, habelə narkotiklərlə bağlı polis-axtarış və narkotiklərdən sui-istifadənin monitorinqi sistemlərinin, ali və orta məktəblərdə tələbin azaldılması, QHT şəbəkəsinin yaradılması daxildir.