SİYASƏT
“SEÇKİ MƏCƏLLƏSİ” LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM EDİR
Milli Məclisin aprelin 2-də keçirilən iclasında “Seçki Məcəlləsi” layihəsinin müzakirəsi davam etdirilmişdir.
Müzakirələr başlamazdan əvvəl Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 10-cu ilinin tamam olduğu bildirildi və torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov dedi ki, parlamentin aprelin 1-də keçirilən iclasında müxalifətdən olan deputatlar, “Seçki Məcəlləəsi” layihəsinin müzakirəsi zamanı guya onlara söz verilmədiyini, fikirlərini tam çatdıra bilmədiklərini əsas gətirərək zalı tərk etmişdilər. Elə həmin gün onlarla rəhbərlik arasında keçirilmiş görüşdə, əslində, anlaşılmazlıq olduğu aydınlaşdırılmışdır.
Deputatların hamısına eyni şərait yaradıldığını və belə də davam edəcəyini deyən spiker qeyd etdi ki, hər bir deputata məcəllənin müzakirəsi ilə bağlı 10 dəqiqə vaxt ayrılmış, onlar hər bir fəsilə dair öz təkliflərini verə biləcəklər.
Müxalifətdən olan deputatlar zala qayıtmışlar və məcəllənin fəsil-fəsil müzakirəsi davam etdirilmişdir. Deputatlar məcəllədə Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katiblərinin seçkisinin açıq keçirilməsinə, komissiyalardakı bitərəflərin 6 nəfər nümayəndəsindən 2-nin iqtidar və müxalifətlə razılaşdırılmış şəkildə seçilməsinə, MSK üzvlərinə əlavə təminatların nəzərdə tutulmasına, hərbi hissələrdə keçiriləcək seçkilərdə xarici müşahidəçilərin iştirakına narazılıqlarını bildirmiş, bəzi deputatlar isə indiki Mərkəzi Seçki Komissiyasının tərkibinin saxlanılmasını, komissiya üzvlərinin açıq səsvermə ilə seçilməsini təklif etmişlər.
Azərbaycan Prezidenti İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirmişdir ki, səslənən təkliflərin hamısı qanunvericilik təşəbbüsü subyekti olan Azərbaycan Prezidenti Heydər Əliyevə məruzə ediləcək və çox güman ki, onların böyük bir hissəsi razılaşdırılaraq üçüncü oxunuşda öz əksini tapacaqdır.
Müzakirələr gələn iclaslarda davam etdiriləcəkdir.