İQTİSADİYYAT
SOCAR Gürcüstanın təbii qaz bazarında əsas iştirakçıdır
Tbilisi, 5 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında uzun illər əvvəl qurulmuş əməkdaşlıq əlaqələri bu gün uğurlu nəticələr verib. SOCAR Gürcüstanın təbii qaz bazarında əsas iştirakçıdır. Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da uzun müddət uğurla davam edəcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri Mariam Valişvili bu ölkənin qaz bazarı ilə bağlı Tbilisidə keçirilən konfransında söyləyib.
Gürcüstanın təbii qaza olan tələbatı, ölkənin qazlaşdırma siyasəti və bu sahədə həyata keçirilən islahatlardan danışan M.Valişvili bildirib ki, SOCAR Gürcüstan reallığına cavab verən bütün qaydaları yerinə yetirməyə hazırdır.
“SOCAR Gürcüstanın təbii qaz bazarını tərk etmək niyyətində deyil. Bizim qaz bazarında həyata keçiriləcək yeni tənzimləmələri tətbiq etmək bacarığımız var. SOCAR rəqabətə hazırdır” – deyə, M.Valişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi