İQTİSADİYYAT
“SOCAR Trading” Maltaya ilk LNG partiyasını çatdırıb
Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti tərəfindən Maltaya çatdırılan ilk mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) partiyası “Galea” tanker ilə həyata keçirilib.
AZƏRTAC “SOCAR Trading”ə istinadla xəbər verir ki, “SOCAR Trading” şirkətinin 33 faiz səhmə malik olduğu “Electrogas Malta” konsorsiumu təbii qazla işləyən 200 meqavat gücündə olan buxar-qaz turbininin (CCGT), həmçinin, mayeləşdirilmiş təbii qaz üçün qəbul, saxlama və qazlaşdırma qurğularının tikintisini aparır. Bu layihə Maltanın cənub-şərqində, Marsakslok yaxınlığında Delimara Elektrik Stansiyasının ərazisində həyata keçirilib. Malta Ətraf Mühit və Planlaşdırma İdarəsi (MEPA) 480 milyon avro dəyərində olan bu layihəni 2014-cü ilin mart ayında təsdiq edib.
CCGT və LNG qurğularının tikintisi və quraşdırılması 18 aya tamamlanıb. Layihə istismara verildikdən sonra Maltanın elektrik enerjisinə olan tələbatın təxminən 50 faizinin ödəniləcəyi gözlənilir.
Təbii qaz təkrar qazlaşdırma qurğusu vasitəsilə təchiz edilir. “SOCAR Trading” proses üçün tələb olunan LNG və avadanlığı təmin edəcək. Qazla işləyən yeni buxar-qaz elektrik stansiyası daha ucuz təbii qazdan istifadə və elektrik enerjisi istehsalı məqsədilə ağır dizel yanacağından asılılığı azaltmaq üçün Malta hökumətinin təşəbbüsünün bir hissəsidir.
Bu qurğu LNG-ni körpüyə birləşdirilmiş üzən anbar qurğusu (FSU Floating storage unit) vasitəsilə qəbul edəcək. Qazlaşdırma qurğusu elektrik stansiyasının cənub hissəsində, körpü isə eyni qurğunun cənub-qərbində yerləşir. 18 illik icarə əsasında “SOCAR Trading” tərəfindən təchiz edilən FSU, Malta, Delimarada doka daxil edilib, tutumu 125 min kubmetr həcmindədir.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir.