İQTİSADİYYAT
SOCAR-da neft-qaz layihələrində milli kontent mövzusunda seminar təşkil edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də SOCAR-da neft-qaz layihələrində yerli resurslardan istifadənin artırılması, yerli şirkətlərin və milli kadrların neft və qaz layihələrində iştirakının təşviqi məqsədilə “Neft və qaz sənayesində Milli Kontent: anlayış, tətbiqi və qanunvericilikdə əksi” mövzusunda seminar keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, seminar “Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində baş tutub. Seminarda layihələrdə yerli resurslardan istifadənin cari vəziyyəti və gələcək potensialı barədə fikir mübadiləsi aparılıb.
Seminarın işində dövlət qurumları, beynəlxalq məsləhətçi şirkətlər, universitetlər, yerli və beynəlxalq şirkətlər daxil olmaqla 50-yə yaxın təşkilatdan 100-dək ekspert iştirak edib. Əvvəlcə tədbirdə SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, Xalik Məmmədov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər dövlət qurumlarının nümayəndələri mövzu ilə bağlı çıxış ediblər.
“McKinsey”, “OMNI” hüquq şirkəti və “BP Eksploreyşn (Kaspian Si) limited” tərəfindən milli kontentin inkişafına xidmət edən cari dövlət proqramları barədə məlumat verilmiş, müvafiq qanunvericilik aktlarının təhlili, eyni zamanda, beynəlxalq təcrübə və neft və qaz layihələrində operatorluq təcrübəsi barədə təqdimatlar keçirilib. Daha sonra, milli kontentə dair cari aktual məsələlərin müzakirəsi məqsədilə ekspertlər arasında “dəyirmi masa”lar təşkil olunub.
Xatırladaq ki, “Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib. “Milli Kontent” məfhumu burada yerli istehsalçılar və şirkətlərin iqtisadi layihələrə, xüsusən neft-qaz layihələrinə daha intensiv cəlb olunmasını ifadə edir.