İQTİSADİYYAT
SOCAR ikinci rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bakı, 16 iyul, AZƏRTAC
COVID-19-a qarşı vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin ikinci rübündə şirkətin birbaşa istismar etdiyi yataqlarda 2 milyon tonadək neft, 2 milyard kubmetrədək qaz hasil olunub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz hasilatında 7 faiz artım deməkdir. Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 milyard kubmetrə yaxınlaşıb, neft hasilatı isə azalaraq 8,4 milyon ton təşkil edib.
SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində rüb ərzində qazma əməliyyatlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14 min metrədək azaldılıb.
İkinci rübdə SOCAR 1,8 milyon tondan çox neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24 faiz çoxdur. Eyni zamanda, şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr təbii qaz emal olunub.
Hesabat dövründə SOCAR xarici bazarlara 4,2 milyon ton xam neft ixrac edib. Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ölkədən qaz ixracı ümumilikdə 3,5 milyard kubmetrdən çox olub. Bu isə ötən ilin müvafiq dövründəkindən 17 faiz çoxdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım deməkdir.
Cari ilin ikinci rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 2,2 milyard kubmetrədək olub.