İQTİSADİYYAT
SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HƏYATA KEÇİRİLİR
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda 2004-2008-ci illərə rayonun sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair proqram təsdiq olunmuşdur. Proqramda rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafının iqtisadi problemlərinin həllini üç mərhələdə təmin etmək nəzərdə tutulmuşdur. Yerli sənayenin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, səhiyyə, rabitə, ticarət xidmətinin yaxşılaşdırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi proqramda nəzərdə tutulmuşdur. Qarşıdakı illərdə Yuxaru Qarxun kəndində 360, Hacımahmudlu kəndində 280, Bəydili kəndində 120 yerlik yeni məktəb binaları tikiləcək, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılacaqdır.
Şəhərdə tikintisi yarımçıq qalmış 1296 yerlik orta məktəb binasının, 150 çarpayılıq uşaq xəstəxanasının, 800 yerlik mədəniyyət sarayının, şəhid və Qarabağ müharibəsi əlilləri üçün 60 mənzilli yaşayış evinin istifadəyə verilməsi inkişaf proqramına daxil edilmişdir.