SİYASƏT
SOYDAŞIMIZ FRANSANIN SƏFİRİ SƏLAHİYYƏTLƏRİNİ İCRA EDİR
Fransız dilindən əlavə, rus dilində sərbəst və Azərbaycan dilində qırıq-qırıq danışan Aleksis Şahtaxtinski hüquqşünas, politoloq və şərqşünas ixtisaslarına yiyələnmiş, 1993-cü ildən diplomat kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Fransa Xarici İşlər Nazirliyi tərəfindən müşavir rütbəsinə layiq görülmüş Aleksis Fransanın Xorvatiyadakı səfirliyinin birinci katibi, NATO-nun Rusiya üzrə informasiya bürosunun Moskvadakı rəhbəri, həmin qurumun Kosovodakı missiyasının başçısı vəzifələrində çalışmış, 2001-ci ilin fevral ayında Fransanın Belarusdakı səfirliyinin müşaviri təyin edilmişdir. 2003-cü ildən isə səfiri əvəz edir.
Soy kökünü yaddan çıxarmamış Aleksis dəfələrlə Azərbaycanda olmuşdur.1986-cı ildə atası Cahangir-Kamal ilə birlikdə ilk dəfə Bakıya gəlmiş, yaxın qohumu, tanınmış kimyaçı alim Həbibbulla Şahtaxtinskinin iki ay qonağı olmuşdur. 1991-ci ildə Naxçıvana səfər etmiş, Şahtaxtılar nəslinin doğma yurdu Şahtaxtı kəndinə baş çəkmiş, kəndin qocaman sakinlərinin ulu babası Əli bəy və babası Məhəmməd bəy barədə xatirələrini dinləmişdir.
Ulu babalarının vətənində olmağından qürur duyan və iftixar hissi keçirən, odlar yurduna bütün varlığı ilə vurulan Aleksis ümummilli liderimiz dahi şəxsiyyət, Prezident Heydər Əliyevlə həm ölkəmizdə, həm də Fransada bir neçə dəfə görüşmüşdür. Bu görüşlərin onda böyük təəssürat yaratdığını dəfələrlə xüsusi vurğulamışdır.
Harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq, Aleksis azərbaycanlı olmağı ilə həmişə fəxr edir.