SİYASƏT
STİVEN MİLLER: XƏZƏR HÖVZƏSİ AMERİKANIN YENİ STRATEJİ MARAQ DAİRƏSİNƏ DAXILDIR
Bunu ABŞ-ın Harvard Universitetində beynəlxalq təhlükəsizlik proqramının direktoru Stiven Miller martın 10-da Amerika-Azərbaycan Ticarət Palatasındakı çıxışında demişdir. O, 11 sentyabr hadisələrinin ABŞ xarici siyasətində etdiyi dəyişikliklər və bunun Xəzər hövzəsinə təsiri barədə fikirlərini açıqlayaraq bildirmişdir ki, Xəzər hövzəsi beynəlxalq terrorizmə qarşı müharibənin aparıldığı və Amerika üçün xüsusi strateji əhəmiyyət daşıyan bölgənin bilavasitə qonşuluğunda yerləşir. Yeni reallıqlar Türkiyə, Pakistan, Rusiya və digər bölgə dövlətlərini Vaşinqton üçün Qərbi Avropadakı müttəfiqləri qədər, bəzi hallarda isə onlardan daha əhəmiyyətli edir. “Biz bu bölgədə milli təhlükəsizlik maraqlarımızı təmin edəcək infrastruktur istəyirik” -deyən amerikalı alim Xəzər hövzəsi ilə münasibətlərin yeni formulunu açıqlamışdır: nəhəng karbohidrogen ehtiyatları, üstəgəl strateji əhəmiyyət ABŞ-Xəzər hövzəsi münasibətlərinin dinamikasını dəyişdirəcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton