SİYASƏT
STİV PAYFER: “GUÖAM TƏŞKİLATI NƏ RUSİYA, NƏ DƏ BAŞQA QONŞULARI ÜÇÜN TƏHLÜKƏ TÖRƏDİR”
İyulun 3-4-də GUÖAM ölkələri dövlət başçılarının Yalta zirvə toplantısında ABŞ-ı Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Stiv Payfer təmsil edəcəkdir. AZƏRTAC-ın xüsusi müxbiri səfər ərəfəsində diplomatla görüşərək Yalta sammiti haqqında onun proqnozlarını öyrənməyə çalışmışdır.SUAL: Cənab Payfer, ABŞ-GUÖAM diaoloqunun artıq üç illik tarixi var. Sizcə, tərəfləri hansı maraqlar birləşdirir? CAVAB: Birləşmiş Ştatlar GUÖAM-ı bölgədə təhlükəsizliyi, qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirən, rifahın artırılmasına səbəb olan qurum kimi qiymətləndirir. Bizim arzumuz Avropada Qara dənizlə Xəzər dənizi arasındakı bölgəni daha sabit, iqtisadi cəhətdən daha inkişaf etmiş görməkdir. GUÖAM tipli təşkilatlar bu məqsədləri həyata keçirmək üçün əlverişli imkandır. Son dövrdə ABŞ-GUÖAM dialoqunda dəyişikliklər baş vermişdir. Hazırda biz ABŞ-GUÖAM əlaqələrini yeni mərhələyə qaldırır, müzakirələrdən konkret layihələrin işlənilməsinə keçirik. Məsələn, ümid edirik ki, Yaltada liderlərin görüşü zamanı iki layihə öz təsdiqini tapacaqdır. Bunlardan biri üzv dövlətlərin gömrük və sərhəd xidmətləri arasında əməkdaşlığı təmin edəcək ticarət və nəqliyyata dair proqram, digəri isə hüquq mühafizə orqanlarının birgə fəaliyyətini nizamlayan GUÖAM virtual hüquq mühafizə mərkəzinin yaradılmasıdır. Birləşmiş Ştatlar bu layihələrə texniki yardım məqsədi ilə 1 milyon dollar məbləğində vəsait ayırır. Gördüyünüz kimi, müsbət irəliləyiş vardır. Hazırda ABŞ-GUÖAM münasibətləri siyasi məsləhətləşmələr çərçivəsindən çıxaraq, real layihələrin gerçəkləşməsinə keçir. SUAL: GUÖAM ölkələrinin gündəliyində duran məsələlərdən biri azad ticarət zonasının yaradılmasıdır. Bu təşəbbüsün əleyhinə səslənən fikirlərdən biri odur ki, öz aralarında ticarət əlaqələrini genişləndirəcək GUÖAM dövlətləri Avropa ilə ticarət əlaqələrindən yayınacaqlar. Buna münasibətiniz necədir? CAVAB: Biz hesab edirik ki, beş üzv dövlət arasında daha geniş ticarət əlaqələrinin yaradılması üçün geniş potensial mövcuddur. Məsləhətləşmələrimiz zamanı belə qərara gəlmişik ki, nəzərdə tutulan azad ticarət zonası Avropanın müvafiq sistemlərinə uyğun olmalıdır. Bu təqdirdə, yaradılacaq sistem GUÖAM üzv dövlətlərinin dünya və Avropa bazarlarına inteqrasiyasına yardım edərdi. Məsələn, azad ticarət zonası layihəsinin detalları işlənilərkən GUÖAM dövlətləri unutmamalıdırlar ki, bir gün Ümumdünya Ticarət Təşkilatının üzvləri olacaqlar. Belə məqamlar nəzərə alınaraq, dünya və Avropa bazarlarına uyğun bir sistem qurularsa, azad ticarət zonasının yaradılması, nəticə etibarı ilə, GUÖAM dövlətlərinin Avropaya yaxınlaşmasına səbəb olar. SUAL: Ötən həftə Dövlət Katibinin 1-ci müavini Riçard Armitac GUÖAM dövlətlərinin səfirləri ilə görüşündə vurğulamışdır ki, təşkilat bütün bölgədə inkişafı gücləndirə bilər. Lakin təcrübədən bilirik ki, üzv dövlətlər konkret addımlar atdıqda Moskvanın narahatlığına səbəb olur və «ilkin nizamnamədən qırağa çıxdıqları» üçün tənqid olunurlar. Sizcə, Rusiyanın bu qısqanclığını necə aradan qaldırmaq olar? CAVAB: ABŞ-ın mövqeyi bundar ibarətdir ki, GUÖAM təşkilatı nə Rusiya, nə də başqa qonşuları üçün təhlükə törədir. Əksinə, zənnimcə, əgər GUÖAM-ın gündəliyində duran məsələlər - təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf və s. doğrulsa, bu, Rusiya üçün də xeyirli olardı. GUÖAM şəffaf şəkildə fəaliyyət göstərməlidir. Bu günə qədər təşkilat məhz belə edib. Mən, ABŞ-ın müşahidəçisi kimi, Yalta zirvə görüşündə iştirak edəcəyəm. Eyni dəvət Rusiyaya da göndərilib. Rusiya və başqa qonşular təşkilatın şəffaf fəaliyyətini müşahidə etməklə GUÖAM-ın nələrə nail olmaq istədiyini görə bilər. Onlar anlayar ki, təşkilat heç kim üçün təhlükə törətmir. SUAL: Cənab Payfer, yaxın gələcəkdə ABŞ-ın yüksək çinli rəsmilərinin GUÖAM dövlətlərinə səfərləri gözlənilirmi? CAVAB: Bu məsələ Dövlət Katibinin birinci müavini Riçard Armitacın ötən həftə Gürcustan, Özbəkistan, Ukrayna, Azərbaycan və Moldova səfirləri ilə görüşündə müzakirə edilmişdir. Bildiyimə görə, cənab Armitacın belə planı vardır. Lakin səfərin nə vaxt baş tutacağına dair konkret detallar müzakirə olunmayıbdır.