İQTİSADİYYAT
SUMQAYITDA MƏHƏLLƏNİN ABADLAŞDIRILMASI PLANI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 1991-ci ildə salınmış və nisbətən təzə olan bu yaşayış massivi şəhərin həndəvərində yerləşir. O zaman yeni mənzillərə köçən insanların sevincini dərhal saysız-hesabsız problemlər əvəz etmişdi. Tələm-tələsik istifadəyə verilən, müvafiq kommunikasiya sistemi olmayan bu məhəllə susuz, qazsız, telefonsuz, liftsiz idi, bütün yaşayış binaları indi də qəza vəziyyətindədir. Elə ərazinin özü də pis gündədir, məhəlləarası yollar, əslində, yoxdur.
Görünür, Sumqayıtda böyük vüsət alan müsbət dəyişikliklər, nəhayət, bu məhəlləyə də öz təsirini göstərəcəkdir. İcra hakmiyyətinin başçısı Vaqif Əliyevin keçirdiyi müşavirədə 47-ci məhəllənin abadlaşdırılmasının perspektiv planı müzakirə mövzusu olmuşdur. Müşavirədə bildirildi ki, yeni su və qaz kəmərlərinin işə salınması məhəllənin su və qismən qaz təchizatı probleminin həllinə kömək etmişdir. İlin sonunadək çoxmərtəbəli binaların hamısında liftlər quraşdırılıb işə salınacaqdır, telefon rabitəsi tamamilə qaydaya salınmış, yollar çəkilmişdir. Ən başlıcası isə, bu məhəllə tikinti meydanına çevrilmişdir. Burada yeni yaşayış binaları, habelə Qarabağ müharibəsi əlliləri üçün Reabilitasiya Mərkəzi tikmək nəzərdə tutulmuşdur. Bu layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Mərkəz üçün yer ayrılmış, layihə hazırlanıb başa çatdırılmış, onun smetası tutulmuşdur. Nazirlik burada 4 min kvadratmetrdən artıq ərazidə Reabilitasiya Mərkəzi ilə yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlliləri üçün 36 mənzilli yaşayış binası tikməyi də planlaşdırır. Şəhərin özü də belə təyinatlı yaşayış binası tikməyə başlayır. Plana görə, 47-ci məhəllədə paralimpiya idman kompleksi, habelə bir sıra sosial–məişət obyektləri tikiləcəkdir. Beləliklə, məhəllə öz görkəmini tamamilə dəyişəcəkdir.