İQTİSADİYYAT
ŞUŞALI TƏLƏBƏLƏR XOCALI QURBANLARINI YAD ETMİŞLƏR
MƏDƏNİ-MAARİF MƏKTƏBİNDƏ İLK DƏRSLƏR XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞDUR
Dərslərdə tələbələrə izah edilmişdir ki, faciəni törədən erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər.
Xocalı soyqırımının şahidləri tələbələrə həmyerlilərinin qəhrəmanlığından söhbət açmış, onların fədakarlığından faktlar gətirmişlər. Natiqlər gəncləri Xocalı şəhidlərindən - Faiq Əliməmmədov, Fərhad Atakişiyev, Əlif Hacıyev, Natiq Qasımov, Tofiq Hüseynov kimi qəhrəmanlardan nümunə götürməyə çağırmışlar.
Dərslərdə xüsusi vurğulanmışdır ki, 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətləri, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.
Əminliklə bildirilmişdir ki, şuşalı gənclər, lazım gələrsə, Ali Baş Komandanın əmri ilə silaha sarılıb vətəni, torpağı hər an azad etməyə hazırdırlar.