REGİONLAR
Saatlıda qısa müddətdə 10 min hektardan çox sahəyə çiyid səpilib
Saatlı, 1 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda çiyid səpini sürətlə davam edir. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən fermerlər gün ərzində 750-800 hektar sahəyə toxum səpirlər. Məhsul istehsalçıları bu günə kimi 10 min 171 hektar sahədə səpin aparıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 16 min 820 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə 2 min 645–dən çox torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb və onlar lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Rayonda fəaliyyət göstərən “MKT” MMC 3305, “AZƏR PAMBIQ” MMC 1802, “Aqro AZ” MMC 2704, “Kənd Təsərrüfatı” MMC isə 1005 hektar sahəyə toxum səpib. Fərdi qaydada 1355 hektar sahədə səpin keçirilib.
Qeyd edək ki, ötən il Saatlıda 17 min 220 hektar pambıq əkilib və 25 min 756 ton xam pambıq istehsal olunub.