ELM VƏ TƏHSİL
“Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimi olmuşdur
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 8-də “Kempinski Hotel Badamdar” mehmanxanasında ümumtəhsil məktəbləri şagirdləri arasında “Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Təhsil, Gənclər və İdman nazirlikləri, “Mədəd-Azərbaycan” qurumunun təşkilatçılığı ilə reallaşdırılan müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onlardan 5 nəfərini seçərək ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - İntel İSEF-ə göndərməkdən ibarətdir.
Müsabiqənin açılış mərasimində təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayan nazir Prezident İlham Əliyevin müvafiq sahələrin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.
M.Mərdanov müsabiqə barədə müsbət fikirlərini də diqqətə çatdırmışdır.
Gənclər və idman naziri Azad Rəhimov ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulamış, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
A.Rəhimov Azərbaycanın dinamik inkişaf etdiyini xatırlatmışdır.
“Mədəd-Azərbaycan” təşkilatının icraçı direktoru Vüsal Xanlarov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov və digər çıxış edənlər də müsabiqə iştirakçılarına uğurlar arzulamışlar.
“Sabahın alimləri” II Respublika müsabiqəsində Bakı və Sumqayıt şəhərlərindəki ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edirlər. Müsabiqəyə müvafiq təhsil müəssisələrindən 73 elmi layihə ilə 116 şagird qatılmışdır. Layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanmışdır. Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-dək artmışdır.
Müsabiqə 8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri) üzrə keçirilir.
Fevralın 9-da müsabiqəyə yekun vurulacaq, qaliblər müəyyənləşdiriləcək və mükafatlandırılacaqlar. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə mayda ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqdır.