REGİONLAR
“Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub
Göygöl, 28 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti ekskursiya Göygöl rayonuna təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin aparıcı aqrar-sənaye müəssisələri ilə yaxından tanışlıq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan “Sabahın kənd təsərrüfatı” yay məktəbinin proqramına daxil edilmiş tədbirlərdən biridir. Qəbələ rayonundan sonra, “Göygöl Şərab” ASC-yə təşkil olunan səfərdə tələbələr müəssisədə yüksək keyfiyyətli konyak və şərab məhsulları, araq, klassik üsulla hazırlanan kolleksiyon şampan, eləcə də alkoqolsuz sərinləşdirici içkilərin istehsalı, saxlanılması, tətbiq olunan müasir texnologiyalar, istehsal olunan məhsulların əsas ixrac bazarları, əldə olunan uğurlar və mükafatlar barədə geniş məlumatlar əldə ediblər. Bundan əlavə, “Göygöl Şərab” ASC-nin Firma dükanında təklif olunan məhsullara da baxış keçirilib.
Səfər Bayraq meydanında gəzinti ilə yekunlaşıb.