CƏMİYYƏT
Sabirabad rayon sakinindən üç kiloqramdan çox marixuana götürülüb
Bakı, 16 avqust, AZƏRTAC
Respublika daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, həmçinin yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Ramil Əhmədovdan 0,1 qram heroin götürülüb. Onun həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 23, evinə baxış zamanı 7 çətənə kolu və 3 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Hacıyevin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 8 çətənə kolu, habelə evinə baxış zamanı 15 qram tiryək və 95 qram marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.