REGİONLAR
Sabirabadda indiyədək 8 tondan çox barama istehsalı olunub
Sabirabad, 16 iyun, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 14 ton barama istehsal olunub. Cari mövsümdə isə 18 ton məhsul istehsal etmək nəzərdə tutulub. Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb. Ötən il rayon üzrə 250 ailə barama istehsalı ilə məşğul olmuşdusa, bu mövsüm 234 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq 450 qutu ipəkqurdu toxumu paylanılıb.
Artıq sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. İndiyədək tədarük məntəqəsinə 8 ton 662 kiloqram barama təhvil verilib. Yastıqobu kənd sakini Ramiz Əhmədov bir neçə ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Ötən il ailə üzvlərimlə birlikdə bir qutu yarım ipəkqurdu bəsləyərək 85 kiloqram barama tədarük etdik. 35-40 gün ərzində istehsal etdiyimiz məhsuldan 815 manat gəlir götürdük. Bu il də eyni həcmdə ipəkqurdu toxumu götürüb bəsləmişik və 90 kiloqram məhsul tədarük etmişik. Məhsula görə qazancımız ötən ildəkindən də çox olacaq”, - deyə kümçü bildirib.
Qeyd edək ki, son beş ildə rayonda baramaçılığın inkişafı məqsədilə 123 min ədəd tut tingi əkilib.