REGİONLAR
Sabirabadda istixanalardan 1800 tondan çox məhsul yığılıb
Sabirabad, 6 avqust, Mahir Babayev, AZƏRTAC
Sabirabadda istixana komplekslərinin şəbəkəsi ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar-pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Şəhriyar kəndində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Sabirabadda istixana şəraitində tərəvəz yetişdirilməsi ilə 40-dan çox fermer məşğul olur. Onlar hər il dövlətin məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq bazarlara yüz tonlarla məhsul çıxarırlar. Cari ildə bu sahədə fəaliyyət göstərən fermerlər 144 istixanada tərəvəz yetişdiriblər və bu günədək 1830,8 ton məhsul yığılıb. Yığılan məhsulun 1822 tonunu pomidor, 8,6 tonunu xiyar, 0,2 tonunu isə badımcan təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 8,3 ton çoxdur.