REGİONLAR
Sabirabadda yol polisinin saxladığı avtomobildən külli miqdarda narkotik götürüldü VİDEO
Sabirabad, 6 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücü saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman avtomobilinin yük yerində külli miqdarda qurudulmuş marixuana aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad Stasionar Postunda xidmət aparan YPX əməkdaşları tərəfindən nömrəsiz şəkildə minik avtomobili idarə edən 46 yaşlı Sabirabad rayonu Şəhriyar kənd sakini Zəfər Səfərovu saxlayıblar. Onun sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sonradan onun spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb və bu zaman onun sərxoş olması müəyyən edilib.
Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və bu zaman avtomobilin yük yerində külli miqdarda - 5 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.