REGİONLAR
Şabranda 500, Xaçmazda 40 hektara yaxın ərazi yanıb
Şabran, 16 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabranda geniş ərazini əhatə edən, həmçinin Xaçmazın dörd kəndində qeydə alınan yanğınlar gecə saatlarında söndürülüb. Hadisə nəticəsində Şabranda 500, Xaçmazda isə 40 hektara yaxın ərazi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şabranda yanğın baş verən əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.
Bildirib ki, havanın isti və küləkli olması yanğınların genişlənməsinə səbəb olub. Bütün bunlar nəzərə alınaraq hadisə yerinə yerli qüvvələrlə yanaşı, Bakı və Sumqayıtdan canlı qüvvə, texnika, həmçinin bir helikopter cəlb edilib. Ümumilikdə yanğınların söndürülməsində 20-dən artıq texnika, 200 nəfərdən çox şəxsi heyət iştirak edib.
“Görülən operativ tədbirlər nəticəsində Siyəzən, Quba, Qusar rayonlarında baş verən yanğınlar qısa müddətdə söndürülüb. Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amili ilə bağlıdır. Yanğınlarda ehtiyatsızlıq və ya qəsdən yandırılma ehtimalı mümkündür. Bu istiqamətdə araşdırma aparılır”, - deyə Füzuli Əsədov bildirib.