REGİONLAR
Şabranda filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin 70 illik yubileyi qeyd olunub VİDEO
Şabran, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabran şəhərində filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin 70 ilik yubileyi qeyd olunub.
Xaqani Şirvani adına poeziya evində təşkil olunan yubiley tədbirində Şabran rayon rəhbərliyi, elm xadimləri, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 43 il ali məktəbdə müəllim, baş müəllim, dosent, professor kimi çalışan Məmməd Əliyevin çapdan çıxan elmi əsərlərinin ümumi sayı 70-dən çoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan professor Əməkdar müəllim adına layiq görülüb. O, həmçinin “Qızıl qələm” mükafatı laureatıdır.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin elmi fəalliyyəti, yaradıcılığı barədə danışıb.
Bildirilib ki, M.Əliyev ədəbiyyat nəzəriyyəsinin əsasları, Azərbaycan şeirinin vəzn və evfoniya problemləri, şeir sənəti haqqında bir sıra elmi əsərlərin və dərs vəsaitlərinin müəllifidir.
Çıxışlarda dövlət müstəqilliyimizin bərpasından bəri Azərbaycanda elmin sürətlə inkişaf etdiyi, bu istiqamətdə böyük nailiyyətlərin qazanıldığı bildirilib.
Sonda yubilyara Şabran Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.