REGİONLAR
Şabranda su təchizatının yaxşılaşdırılması üçün yeni layihənin icrasına başlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Taxtalar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Taxtalar kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə rayonun Dağ Bilici kəndindəki bulaqdan kəndə su xətti çəkilib və bulaq quraşdırılıb. Bir neçə il əvvəl quraqlıq səbəbindən su təchizatı dayanıb, mövcud su təchizatı sistemləri isə yararsız vəziyyətə düşüb. Ötən müddətdə sakinlər içməli su tələbatlarını maşınlarla daşınan su hesabına ödəyib.
Kəndin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və tikinti-quraşdırma işlərinə başlanılıb. Layihəyə əsasən, Taxtalar kəndinin içməli su təchizatı Şabran şəhəri yaxınlığındakı su anbarı hesabına təmin olunacaq. Kənd relyef baxımından yüksəklikdə olduğuna görə suyun buraya nəqli üçün nasos stansiyası quraşdırılacaq. Hazırda su anbarından kəndə qədər 114 millimetr diametrli polad borularla 4,8 kilometr uzunluğunda magistral su kəmərinin tikintisi davam etdirilir. Bununla paralel olaraq kənd ərazisində 3,7 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa edilir. İndiyədək su xətlərinin yarıdan çoxu tikilib. Kənd ərazisində müxtəlif məhəllələrdə əhalinin ümumi istifadəsi üçün 19 bulaq quraşdırılacaq. Bununla da Şabran rayonunun Taxtalar kəndinin 1000-dək sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.