REGİONLAR


Şabranın badam bağlarında məhsuldarlıq iki dəfəyədək artıb

Şabran, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Şabranın badam bağlarında məhsul yığımı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 120 hektara yaxın badam bağı var. Bu bağların 45 hektarı barverəndir.

Şabran rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 80 tona yaxın məhsul əldə olunub. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq iki dəfəyədək artıb.

Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, yığılan badam qurudulduqdan sonra satışa çıxarılıb. Məhsul yerli bazarda satılır.

Təsərrüfatdakı 5-6 illik ağacların hər birindən bu il 6-7 kiloqram badam toplanıb. Qarşıdakı illərdə isə bu rəqəm 10-12 kiloqramadək artacaq. Şaxtaya və quraqlığa davamlı olması ilə seçilən xarici sort badam ağacları tam məhsula düşəndən sonra bir hektardan 6-10 ton məhsul yığmaq olur.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda 10, Qubada isə 3 hektar badam bağı salınıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.