REGİONLAR
Şabranın iki kəndinin sakinləri ilk dəfə “mavi yanacaq”la təmin olunacq VİDEO
Şabran, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun daha iki kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən Qorğan kəndinin qazlaşdırılması işlərinə may ayından start verilib. Kəndin qazla təmin olunması üçün 13 min 500 metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək. Ötən müddət ərzində işlərin 70 faizi görülüb. Kənddə hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılacaq. İşlər yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 118 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Qorğanda işlər yekunlaşdıqdan sonra Sumağa qazmalar kəndində qaz xəttinin çəkilişinə başlanılacaq.
Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.
İlkin mərhələdə 10 kənddən altısında tikinti-quraşdırma prosesinə start verilib. Hazırda Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Qubanın Ərməki, Güney məhəllə, Şabranın Qorğan kəndlərində işlər davam edir. Bu kəndlərdə, ümumilikdə, 1535 abonent var.