CƏMİYYƏT
Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar
Bakı, 7 dekabr, AZƏRTAC
Oktyabrın 2-dən 8-dək olan müddətdə rayon ərazisindəki bir evdən 8500 manat dəyərində spirtli içki, qızıl-zinət, geyim və məişət əşyaları, bir evdən isə 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Q.Məhərrəmov və Biləsuvar rayon sakini Ş.Vahablı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Q.Məhərrəmovun barəsində aparılmış əməliyyat tədbirləri ilə onun iki evdən 2500 manat məbləğində pul və 3550 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşib. Ş.Vahablının barəsində aparılmış əməliyyat tədbirləri ilə onun Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş T.Həsənovla birgə rayon ərazisindəki üç evdən ümumilikdə 1100 manat məbləğində pul və 8700 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub. T.Həsənov da əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.