CƏMİYYƏT
Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 0,175 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində Nazlı kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayeva tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram heroin edilərək götürülüb. N.Rzayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən “Saxla!” işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.