CƏMİYYƏT
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ana-bala saxlanılıblar VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və “patı” kimi tanınan psixotrop maddənin - metamfetamin satışı ilə məşğul olan iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbənin əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası - paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib. Polis şöbəsində onun üzərinə baxış zamanı 605 qram heroin, 3 qram metamfetamin və elektron tərəzi aşkarlanıb. Mahirə Cavadova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan əcnəbi vətəndaşdan aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.
Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.